Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocalı soyqırımı” ilə əlaqədar “Qalib xalqın silinməyən yaddaşı” adlı tədbir keçirilmişdir

26 fevral 2026 | 17:35
Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli hadisə kimi daxil olmuşdur. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmış, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Bu faciə ilə bağlı həqiqətlərin beynəlxalq aləmdə düzgün təbliği və günahkarların layiqli cəzalandırılması istiqamətində ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həm ideoloji, həm mədəni, həm iqtisadi, həm sosial, həm də digər sahələrdə hücum diplomatiyası uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib.
Respublikanın bütün rayonlarında olduğu kimi Şuşa rayonunda da Rayon İcra Hakimiyyəti və Yap Şuşa Rayon Təşkilatının təşkilatçılığı ilə 26 fevral “Xocalı soyqırımı” ilə əlaqədar “Qalib xalqın silinməyən yaddaşı” adlı tədbir keçirilmiş, soyqırım qurbanlarının əziz xatirəsi yad edilmişdir. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyəti başçısı Bayram Səfərov qeyd etmişdir ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifəsidir. RİH başçısı bildirmişdir ki, ilk dəfə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və qətiyyəti sayəsində faciənin əsl mahiyyəti, başvermə səbəbləri və günahkarları üzə çıxarıldı, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il Vətən müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Hazırda işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Xocalı şəhərində Prezidentin tapşırığı ilə böyükmiqyaslı quruculuq-tikinti işləri aparılır. Xocalı şəhərində şəhidlərin əziz xatirəsinə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2024-cü il fevralın 26-da Memorial kompleksin təməli qoyulmuş, 26 fevral 2026-cı ildə açılışında cənab Prezident şəxsən iştirak etmişdir.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Yap Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, I Qarabağ müharibəsi veteranı Ağalar Əliyev, Şuşa Humanitar Kollecinin direktoru Mehriban Qasımova Qarabağ Regional Gənclər və İdman İdarəsinin Şuşa rayonu üzrə gənclər və idman sektorunun müdiri Nadir Bayramov, çıxışlarında Xocalı faciəsinin Azərbaycan xalqının yaddaşına yazılan ən dəhşətli hadisə, bəşəriyyətə qarşı yönəlmiş mənfur cinayət olduğu bildirilmiş, Xocalı soyqırımının hələ keçən əsrin əvvəllərindən xalqımıza qarşı törədilən kütləvi qırğınların davamı olduğu diqqətə çatdırmışlar. Çıxış edənlər vurğulamışdır ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə digər şəhidlərimizin qanı yerdə qalmadı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qisasının alındığını bir daha sübuta yetirdi. Əsrlər, qərinələr keçsə də, Xocalı soyqırımı tarixin yaddaşından heç zaman silinməyəcək, soyqırımı törədən qəddar düşmənlər tarix boyu lənətlənəcəkdir.
Millət olaraq Azərbaycanın, Qarabağın keçmiş tarixini əbədi olaraq nəsillərə ötürməyi, insanlığa sığmayan bu vəhşiliyi həyatımız boyu lənətləməyi, pisləməyi bacarmalıyıq.
Biz artıq müstəqil, ərazisi tam bərpa olunmuş ölkənin sakinləriyik. Hər birimizin borcu Azərbaycanın siyasi, diplomatik, ictimai uğurlarını dəstəkləmək, doğru qərarlar, doğru və düzgün münasibət bəsləməyimizdir.
Vətənimizin bütövlüyü uğrunda canını qurban vermiş bütün şəhidlərə, o cümlədən Xocalı soyqırımının qurbanlarına Allahdan rəhmət diləyirik!
Keçidlər