“Xocalı soyqırımının 33-cü ildönümü” ilə əlaqədar anım tədbiri keçirilmişdir
26 fevral 2025 | 17:17
26 fevral 2025-ci il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Xocalı soyqırımının 33-cü ildönümü”nə həsr olunmuş tədbir keçirilmişdir.Tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, İcra Hakimiyyətinin məsul işçiləri, Yap Şuşa Rayon Təşkilatının sədri Təvəkkül Əliyev, Qarabağ Regional Təhsil İdarəsinin Şuşa rayon sektorunun müdiri Rəsmiyyə Məmmədova, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar təşkilatının Şuşa rayon şöbəsinin sədri Ağalar Əliyev, Şuşa Mərkəzi Rayon Xəstəxanasının Publik Hüquqi şəxsi, icraçı direktor Kəmalə Səfərova, mədəniyyət müəssisələrinin rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişdir.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başladı. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov qeyd etmişdir ki, 33 illiyini keçirdiyimiz Xocalı soyqırımı Azərbaycan xalqının erməni faşizmi tərəfindən məruz qaldığı ən acı xatirədir. 1992-ci ilin fevralın 26-na keçən gecə ermənilər Xocalı şəhərini hər tərəfdən mühasirəyə alaraq əhaliyə misli görünməyən divan tutmuşdur. Azərbaycan tarixinə Xocalı soyqırımı kimi yazılan bu faciə yüzlərlə insanın məhv edilməsi, əsir götürülməsi, şəhərin yerlə-yeksan olunması ilə nəticələnmişdir. Xocalıda təkcə insanlara qarşı amansızlıq göstərilməyib. Bununla yanaşı, şəhərin orta əsrlərə aid memarlıq abidələri, ümumiyyətlə bütün mədəni irsi məhv edilib. Bir sıra dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar nəinki Azərbaycan xalqına, həmçinin bəşəriyyətə qarşı törədilmiş bu cinayəti kəskin şəkildə pisləyirlər. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayəti nəticəsində 613 Azərbaycan vətəndaşı, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl qətlə yetirilib. Xocalı soyqırımının yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayət olduğunu qeyd edən başçı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səriştəsi, uzaqgörən siyasəti sayəsində nəhayət ki, torpaqlarımız işğaldan azad edilib, işğalçılar layiqli cəzalarını alıblar. Xocalı soyqırımının günahsız qurbanlarının qisası döyüş meydanında alınıb. Artıq Xocalıda üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu gün cənab Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı soyqırımı memorialının təməlini qoyub. “Böyük Qayıdış” Proqramına əsasən uzunmüddətli işğal dövründə ermənilərin xarabalığa çevirdiyi Xocalı şəhəri inanılmaz dəyişikliklər sayəsində möhtəşəm yaşayış məntəqəsinə çevrilir. İşğaldan azad olunan digər rayonlarımız kimi, Xocalıya da böyük qayıdış reallaşıb. Xocalı sakinləri illərdir həsrətini çəkdikləri doğma torpaqlarına əbədi yaşayıb-yaratmaq üçün geri dönüblər.
Sonra çıxış edənlər bidirmişdir ki, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, soyqırım bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir. Ermənilərin Xocalı soyqırımı ilə əlaqədar cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malik olan “Xocalıya ədalət” informasiya portalı təbliğat və maarifləndirmə işlərində geniş istifadə olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. 2017-ci ildə Xocalı soyqırımının 25-ci ildönümü də Bakıda növbəti ümumxalq yürüşü ilə yad edilib. Yürüşdə “Dünya Xocalı soyqırımını tanımalıdır!”, “Xocalıya ədalət!”, “Xocalını unutmayın!”, “Rədd olsun erməni faşizmi!”, “Xocalı - XX əsrin soyqırımı”, “Cinayətkarlar cəzasız qalmayacaqlar!” və s. çağırışlar və şüarlar nümayiş etdirilib.
Tədbirin sonunda ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən videoçarx nümayiş olunmuşdur.