Şriftin ölçüsü :

Saytın rəngi :

Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş tədbir keçirildi

03 dekabr 2022 | 12:44
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xurşidbanu Natəvanın 190 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq republikamızın müxtəlif bölgələrində yerləşən təhsil, elm, mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Növbəti mötəbər tədbir Şuşa Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Musiqili Dram Teatrının təşkilatçılığı ilə keçirildi.
Şuşa Dövlət Musiqili Dram Teatrında baş tutan tədbirdə Milli Məclisin deputatı, Xurşidbanu Natəvanın kötücəsi Aqiyə Naxçıvanlı , Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova, Xan qızı Natəvan mükafatının laureatı, Xurşidbanu Natəvanın yadıcası Fəridə Hicran, rayonun idarə,müəssisə rəhbərləri, mədəniyyət və incəsənət nümayəndələri, "Xan qızı" nın şəcərəsindən olan tanınmış simalar iştirak edirdilər. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva şairənin həyat yolu, şəcərəsi, yaratdığı “Məclisi-üns” ədəbi məclisi və təmasda olduğu ədəbi çevrəsi haqqında ətraflı danışdı. Vüsalə xanım Fətəliyeva bildirdi ki, Mehdiqulu xanın qızı və Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın bədii istedada və qabaqcıl ideyalara malik söz sənətkarı kimi ədəbiyyat tariximizdə xüsusi yeri var. Qarabağ xanlığının varislərindən olub vətəni Şuşada “Xan qızı” adı ilə məşhur olan Xurşidbanu, aşiqanə-hüznlü şeirlər, təbiət təsvirləri və müasirlərinə ünvanladığı mənzumələri ilə sevilən, keşməkeşli tale yolu keçmiş qadın şairlərimizdəndir. Dahi Azərbaycan şairinin misilsiz xidmətləri xalqımız, dövlətimiz tərəfindən hər zaman layiqincə qiymətləndirilmişdir. Onun adına küçə, klub, kitabxana, məktəb vardır. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və müzeylərimizdə saxlanılır. Bakıda heykəli, Şuşada büstü, Ağdamda qəbirüstü abidəsi qoyulmuşdur. Onun bədii irsi 1937-ci ildən etibarən rus dilinə tərcümə olunaraq Moskvada, Sankt-Peterburqda və Bakıda çıxan ədəbi jurnallarda, antologiyalarda işıqlandırılmışdır. Tədbirdə çıxış edən mədəniyyət və incəsənət sahəsinin nümayəndələri Xurşidbanu Natəvan yalnız şair deyil, həm də Azərbaycan ictimai-siyasi həyatının son dərəcə əhəmiyyətli simalarından biri olduğunu vurğuladılar. Onun Qarabağda olan fəaliyyəti yalnız bir şairin, bir zərif qadının gördüyü işlərdən ibarət olmadığını,ictimai-siyasi həyatın qurucusu, Qarabağın, Şuşanın gələcək inkişafı haqqında düşünən bir insan olmasını qeyd etdilər. Sonra görkəmli şairənin zəngin yaradıcılığı, ömür yolu və şəxsiyyəti haqqında videoçarx nümayiş olundu. Azərbaycan poeziyasının görkəmli siması Xurşidbanu Natəvanın himayəsində fəaliyyətini daha da genişləndirmiş "Məclisi-üns" ədəbi məclisinin Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında tamaşası təqdim edildi. Tədbir əməkdar artist, müğənni Anar Şuşalının vətəpərvərlik ruhunda ifa etdiyi mahnılarla yekunlaşdı.
 
Keçidlər