YAP Şuşa rayon təşkilatı partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirib
11 noyabr 2022 | 16:37
Noyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasında yerləşən xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev çıxış edərək bildirib ki, məhz 30 il əvvəl xalqının ictimai-siyasi, mədəni-mənəvi və intellektual intibahında əvəzsiz yeri olan Yeni Azərbaycan Partiyası bir siyasi təşkilat kimi təşəkkül tapmağa başlayıb. Partiya yarandığı gündən ölkədə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edib, müstəqil Azərbaycanın yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyib.
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib ki, xalqın taleyində müstəsna rol oynayan, Azərbaycanı xaos və anarxiyadan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən, bir sözlə, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib davamlı sabitlik, tərəqqi və iqtisadi yüksəliş yoluna çıxaran bir siyasi qüvvənin - Yeni Azərbaycan Partiyasının yaranmasının 30-cu ildönümü ölkəmizin hər bir guşəsində təntənəli şəkildə qeyd olunur. Çünki ulu öndər Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası ötən müddət ərzində milli birliyin, vətəndaş həmrəyliyinin, sabitlik və tərəqqinin təminatçısı qismində çıxış edib. B.Muradova çıxışında vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Ordumuzun misilsiz qəhrəmanlığı Azərbaycan xalqı 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin deputatı Elman Məmmədov diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və ümumxalq partiyasına çevrilib: “Artıq işğaldan azad olunmuş bütün şəhərlərin baş planı hazırlanıb və təsdiqlənib. Qarabağda aparılan nəhəng quruculuq işləri dövlətin siyasi iradəsini və xalqın ruh yüksəkliyini ortaya qoyur. Azərbaycan cəmi iki il ərzində miqyası çox böyük olan işlər görüb. Dövlətlər var ki, bu işləri reallaşdırmaq üçün onilliklər sərf edir.”
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə çıxışında söyləyib ki, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə milli musiqimizin beşiyi, Qarabağın gözü olan Şuşada aparılan bərpa-quruculuq işlərinin miqyası və sürəti hər kəsdə dərin məmnunluq hissi doğurur: “Şuşanın tarixi abidələrinin bərpasına start verilib. Mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulub. Bu layihələrin icrasından sonra Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Biz Şuşalılar hər zaman olduğu kimi, bu gün də ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik, ölkəmizdə gedən çoxsahəli islahatların iştirakçısı olduğumuza görə qürur duyuruq.”
Tədbirdə, həmçinin şəhid mayor Xəyal Məmmədovun həyat yoldaşı Röyalə Məmmədova, rayon təşkilatının veteran üzvü Elxan Ələkbərov, 24 nömrəli ərazi partiya təşkilatının sədri Kəmalə Səfərova, Vətən müharibəsi qazisi Tural İsayev çıxış edərək partiyanın bundan sonra da ardıcıl uğurlar qazanacağına əminliklərini bildiriblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.