“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl dünya naminə sağlam həyat” adlı tədbir keçirilmişdir
05 iyul 2024-cü il tarixdə, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa rayonunda il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq, Şuşa rayon 7 saylı tam orta məktəbdə “Yaşıl dünya naminə sağlam həyat” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şuşa rayon Uşaq Gənclər Mərkəzinin rəhbəri, Uşaq Səfirlər Məclisinin nümayəndələri, Şuşa rayonu üzrə fəal uşaqlar, məktəblilər iştirak etmişdir.
Tədbirdə çıxış edənlər bildirmişdir ki, bu gün Azərbaycan dünyada gedən iqlim dəyişikliyi proseslərinə ən həssas yanaşan azsaylı ölkələrdəndir. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə də öz töhfəsini verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - "COP 29"-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi cənab Prezident İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. “Yaşıl dünya naminə həmrəylik ili” dövründə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması, düşmənin vandalizminə və barbarlığına məruz qalmış zəngin meşələrin bərpa edilməsidir. “Ağıllı kənd”, “ağıllı şəhər” kimi müasir innovasiyalı layihələrin tətbiq edilməsi ekosistemə yeni yanaşmadır. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbirlərin vacibliyini vurğulayan tədbir iştirakçıları bu tədbirlərin şagirdlərin ekoloji dünyagörüşünün, təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin, təbii sərvətlərin öyrənilməsi vasitəsilə idraki səriştələrinin formalaşmasına, öyrənmə və tədqiqatçılıq bacarıqlarının yeni formalarının hazırlanmasına, məktəblilərin ekoloji hərəkata, ekoloji yönümlü fəaliyyətə cəlb edilməsinə, bilik axtarışının müxtəlif forma və metodlarını, praktiki bacarıqları, təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra biləcəyini nəzərə çatdırmışdır.
Uşaq Səfirlər Məclisinin nümayəndəsi Mələk Nadirova və çıxış edən məktəblilər hər biri cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 tədbirinin Azərbaycanda keçirilməsinin beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi kimi qiymətləndirildiyini nəzərə çatdırmışdır. Heç şübhəsiz, COP29-a ev sahibliyi etmək Azərbaycanın iqlim dəyişikliyinin öhdəsindən gəlmək üzrə qlobal səylərə töhfə vermək baxımından qətiyyətli mövqeyini nümayiş etdirir.
Bu baxımdan, ölkəmizin təhsil sahəsində də bir sıra ekoloji tədbirlərin təşkil olunması belə mötəbər tədbirin keçirildiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə əvəzsiz töhfə olardı. Gəncləri fəal və məsuliyyətli olmağa, təbiətin düşməni olan ağackəsənlərə, ərtaf mühiti çirkləndirənlərə qarşı mübarizə aparmağa səsləyən tədbir iştirakçıları qeyd etmişdir ki, “Hər bir insan dərk etməlidir ki, ətraf mühitin çirklənməsinin aradan qaldırılması onun ekoloji mədəniyyəti, tərbiyəsi və təhsilindən asılıdır”. Hər məktəb kiçik bir dünyadır. Yaşıl dünya naminə həmrəy olmağa öz kiçik dünyamızdan, məktəbimizdən başlayaq.
Sonda görüşdə iştirak edənlərin müvafiq təklifləri dinlənilmiş və sualları cavablandırılmış, ətraf mühitin qorunmasına dair şagirdlərin çəkdikləri rəsm və əl işlərinə baxış keçirilmişdir.