”Yaşıl dünya naminə həmrəylik ili“ ilə bağlı “Yaşıl gələcək naminə” adlı tədbir keçirilmişdir
22 noyabr 2024-cü il tarixdə Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yap Şuşa rayon Təşkilatının inzibati binasında “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar “Yaşıl gələcək naminə” adlı maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, idarə, müəssisə rəhbərləri iştirak etmişdir. Tədbirdə Azərbaycanın Dövlət Himninin səsləndirilmiş, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə atmosfer çirklənməsi, iqlim dəyişikliyi və onunla mübarizə üsulları, ətraf mühitin sağlamlaşdırılması, flora və faunanın qorunması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə edilməsi, yaşıl enerji növlərinin yaradılması istiqamətində maarifləndirici söhbətlər aparılmışdır. Tədbirdə çıxış edənlər bildirmişdir ki, Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək, beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab oluna bilər. COP həm də bəşər həmrəyliyinin simvoluna çevriləcək, hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə platforma kimi tarixə düşəcəkdir.