Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili ərəfəsindəyik

21 noyabr 2022 | 12:07

Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin qoyduğu tarixi ənənələr Yeni Azərbaycan Partiyası tərəfindən sədaqətlə həyata keçirilməkdədir. Bu gün Cəmiyyətdə böyük nüfuza malik olan Yeni Azərbaycan Partiyasının yaranmasının 30 ili ərəfəsindəyik. Keçən bu müddət ərzində "Dünənin, bugünün, gələcəyin partiyası" olan Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanımızın dövlətçilik tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu.

Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycan üçün olduqca çətin və mürəkkəb tarixi-siyasi dövrə təsadüf edir. Belə ki, 90-cı illərin əvvəllərində Azərbaycanın müstəqil və suveren bir ölkə kimi gələcəyi sual altında idi. Cəmiyyətdə ümidsizlik hökm sürürdü. Belə olan halda ölkənin inkişafından danışmaq mümkün deyildi. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi.Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı.Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu.Məhz Cəmiyyət və dövlət həyatının bütün sahələrində köklü dəyişikliklər ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri möhtərəm cənab Heydər Əliyevin fədakar fəaliyyəti, istedad və bacarığı sayəsində mümkün olmuşdur.
 
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyası bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlərə imza atmağa davam edir. Yeni Azərbaycan Partiyasının çoxşaxəli fəaliyyəti ölkədaxili ictimai-siyasi münasibətlərdə fəal iştirakla məhdudlaşmır, eyni zamanda, beynəlxalq məzmun, xarakter və əhəmiyyət daşıyır. Qonşu və uzaq ölkələrdə baş verən hadisələrə nəzər salaraq ölkəmizdə sabitliyin və əmin-amanlığın olduğunu görürük və bu da şübhəsiz ki, dövlətin apardığı savadlı və düzgün proqnozlaşdırılmış siyasətin nəticəsidir. Ölkəmizdə əhalinin yaşayış səviyyəsinin daimi olaraq artırılmasına xidmət edən sosialyönümlü iqtisadiyyat inkişaf etdirilməkdədir.
 
Yeni Azərbaycan Partiyası yaranmasının 30 illiyini 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Odrumuzun qazandığı Qələbənin ikinci ilinin sevincini yaşadığımız günlərdə qeyd edir.44 günlük Vətən müharibəsində Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun qüdrəti və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən məğlub oldu. Vətən müharibəsində qazanılan və xalqımızın hər il iftixar hissi ilə bayram günü kimi qeyd etdiyi möhtəşəm Zəfər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olunan ən böyük tarixi hadisədir.Bütün bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının rolu böyükdür.Çünki YAP qələbələr, uğurlar partiyasıdır. YAP keçdiyi tarixi yol nəticəsində güclü siyasi təşkilata çevrilib. Həqiqətən də, dünənin və bugünün partiyası olan YAP-ın gələcəyin də partiyası olacağını əminliklə deyə bilərik.
Keçidlər