Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə təntənəli tədbir keçirilib

18 noyabr 2026 | 17:00
Noyabrın 18-də Şuşa Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyev ideyalarından tarixi Zəfərə: Yeni Azərbaycan Partiyasının 34 illik dövlətçilik və siyasi inkişaf yolunun təntənəsi” mövzusunda təntənəli tədbir keçirilib.
YAP Şuşa rayon təşkilatının qərargahında təşkil olunan tədbirdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, partiya veteranları, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbirin rəsmi hissəsində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş videoçarx nümayiş etdirilib. Videoçarxda partiyanın təsis olunmasının tarixi şəraiti, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu, ölkəmizin ictimai-siyasi həyatında oynadığı rol və müasir Azərbaycanın qazandığı mühüm nailiyyətlər əks etdirilib.
Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümü münasibətilə iştirakçıları təbrik edərək, partiyanın Azərbaycan dövlətçiliyinin inkişafında mühüm tarixi rol oynadığını vurğulayıb.
Bildirilib ki, 1992-ci il noyabrın 21-də ölkəmizin mürəkkəb ictimai-siyasi şəraitində yaradılan Yeni Azərbaycan Partiyası xalqın Ümummilli Lider Heydər Əliyevə olan böyük inamının və etimadının nəticəsi kimi meydana çıxıb. Həmin dövrdə Azərbaycan ciddi siyasi böhran, idarəetmədə qeyri-sabitlik, iqtisadi çətinliklər və ərazi bütövlüyünə qarşı təhdidlərlə üzləşmişdi. Belə bir tarixi mərhələdə xalqın gələcək taleyinə biganə qalmayan ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası milli dövlətçilik ideyalarının müdafiəsini və ölkənin sabit inkişafını əsas məqsəd kimi müəyyənləşdirib.
Bayram Səfərov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunması, dövlət institutlarının möhkəmləndirilməsi və ölkədə ictimai-siyasi sabitliyin təmin olunması baxımından dönüş nöqtəsi olub. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycan tənəzzül və parçalanma təhlükəsindən xilas olaraq müstəqil inkişaf yoluna qədəm qoyub.
Çıxışda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, iqtisadi inkişafından, beynəlxalq nüfuzunun yüksəlməsindən və dövlətimizin hərbi qüdrətinin güclənməsindən də bəhs edilib. Xüsusi vurğulanıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa olunması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən mühüm hadisələrindəndir.
Şuşanın azad olunmasının Azərbaycan xalqının milli yaddaşında və dövlətçilik tarixində müstəsna yer tutduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu gün Şuşada aparılan genişmiqyaslı bərpa və quruculuq işləri şəhərin tarixi simasının qorunması, mədəni irsinin yaşadılması və müasir infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev partiyanın yaranma tarixindən, 34 il ərzində keçdiyi şərəfli inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətindən və dövlətçilik ənənələrinin möhkəmləndirilməsindəki xidmətlərindən geniş danışıb.
Təvəkkül Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyasının yaranması Azərbaycan xalqının siyasi iradəsinin və milli həmrəylik əzminin ifadəsi olmaqla, ölkəmizin müasir tarixində yeni mərhələnin başlanğıcını qoyub. Partiyanın yaranmasının əsasını təşkil edən ideyalar müstəqil dövlətçiliyin qorunması, milli maraqların üstün tutulması, cəmiyyətin birliyi və davamlı inkişaf prinsipləri ilə sıx bağlıdır.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələr, sosial-iqtisadi inkişaf və beynəlxalq münasibətlər sistemində mövqelərimizin möhkəmlənməsi bu siyasətin mühüm nəticələridir.
Təvəkkül Əliyev Yeni Azərbaycan Partiyasının yalnız siyasi təşkilat deyil, həm də milli dövlətçilik dəyərlərinin təbliği, vətəndaş həmrəyliyinin gücləndirilməsi və cəmiyyətin müxtəlif təbəqələrinin ictimai-siyasi proseslərdə fəal iştirakının təmin edilməsi baxımından mühüm platforma olduğunu diqqətə çatdırıb.
Çıxışda YAP Şuşa rayon təşkilatının fəaliyyəti barədə də ətraflı məlumat verilib. Bildirilib ki, rayon təşkilatı partiyanın proqram və prinsiplərinə uyğun olaraq ərazi partiya təşkilatları ilə qarşılıqlı əlaqələri gücləndirir, dövlət əhəmiyyətli günlər və tarixi hadisələrlə bağlı maarifləndirici tədbirlər təşkil edir, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə, milli-mənəvi dəyərlərin qorunmasına və ictimai fəallığın artırılmasına xüsusi diqqət yetirir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunan təşkilat sədri vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işləri Azərbaycanın iqtisadi gücünün, siyasi iradəsinin və gələcəyə yönəlmiş inkişaf strategiyasının bariz nümunəsidir. Şuşada tarixi abidələrin bərpası, mədəni irsin qorunması, müasir şəhər mühitinin formalaşdırılması və yeni infrastruktur layihələrinin həyata keçirilməsi milli dirçəlişin mühüm göstəriciləridir.
Tədbirdə çıxış edən partiya veteranı, təqaüddə olan ziyalı Arif İbrahimov və Şuşa Rayon Statistika İdarəsinin rəisi Anar Xəlilov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətindən, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində göstərdiyi misilsiz xidmətlərdən, partiyanın 34 illik inkişaf yolundan və ölkəmizin ictimai-siyasi həyatında oynadığı mühüm roldan geniş bəhs ediblər.
Çıxışlarda partiyanın 34 illik fəaliyyətinin milli maraqlara sədaqət, dövlətçilik prinsiplərinə bağlılıq və xalqın gələcəyinə xidmət amalının təcəssümü olduğu vurğulanıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Şuşada tarixi-mədəni irsin qorunması və müasir infrastrukturun yaradılması istiqamətində görülən işlərin davamlı inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğu qeyd edilib, partiyanın zəngin siyasi irsinin gənc nəslə çatdırılmasının önəmi diqqətə çatdırılıb.
Tədbirin davamında Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim edilib. Partiya sıralarına qoşulan yeni üzvlər təbrik olunub, onlara gələcək ictimai-siyasi fəaliyyətlərində uğurlar arzulanıb.
Ardınca Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəal iştirakına, təşkilatın fəaliyyətinə verdikləri töhfələrə və partiya prinsiplərinin təbliğində göstərdikləri xidmətlərə görə bir qrup partiya fəalı təltif olunub.
Təltifetmə mərasimində partiya üzvlərinin təşəbbüskarlığının, ictimai fəallığının və təşkilati işlərdə iştirakının əhəmiyyəti vurğulanıb, onların fəaliyyətinin gələcəkdə də davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.
Keçidlər