Şriftin ölçüsü :

Saytın rəngi :

“Zəfəri nurlandıran Nurlan” adlı kitabın təqdimat mərasimi keçirildi

19 may 2023 | 18:56
Mayın 19-da Şuşa Dövlət Musiqili Dram Teatrında şəhid Həsənov Nurlan Nadir oğlunun cənnətdəki mövludu ilə əlaqədar məktəbli şair-publisist, yeniyetmə yazar Sevindik Nəsiboğlunun bədii-publisistik üslubda qələmə aldığı “Zəfəri nurlandıran Nurlan” adlı kitabının təqdimat mərasimi keçirildi. Tədbirdə Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələrinin üzvləri, ziyalılar, təhsil və mədəniyyət işçiləri, kitabxanaçılar, yeniyetmə və gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva şair-publisist, yeniyetmə yazar Sevindik Nəsiboğlunun yaşının az olmasına baxmayaraq qısa zaman ərzində qələmə aldığı çoxsaylı kitabları ilə öz ətrafında geniş oxucu kütləsini cəmləşdirdiyini, ərsəyə gətirdiyi kitabların böyük hissəsinin vətənpərvərlik ruhunda olmasının Sevindik Nəsiboğlunda vətənə, torpağa məhəbbət hissinin nə qədər güclü olduğunu tədbir iştirakçılarının diqqətə çatdırdı, Vüsalə xanım Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızdan olan Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsinə həsr edilmiş kitabı yüksək qiymətləndirdi, yeniyetmə şairə gələcək işlərində uğurlar arzu etdi.
“Zəfəri nurlandıran Nurlan” adlı bu kitabda Azərbaycanımızın, Türk dünyamızın mədəniyyət mərkəzi, adı qəhrəmanlıq dastanlarımızın, hekayələrimizin, poemalarımızın, şeirlərimizin əsas başlığına çevrilmiş doğma Qarabağımızın baş tacı olan Şuşada Topxana meşəsindən bədxah düşmənlərimiz tərəfindən atılan top mərmilərinin qorxunc səsləri altında dünyaya göz açmış, hələ altı aylıq qundaqda olarkən doğulduğu müqəddəs məkanda ayaq açıb yerimədən, ana qucağında məcburən doğma yurdunu tərk etmiş, “Ana”, “Vətən” deməyə başlayandan ta şəhadətinə, son sözünə qədər ürəyi vətənlə döyünən, müqəddəs vətən torpaqlarının düşmən tapdağından azad edilməsi yolunda canından çox sevdiyi vətəninə canını fəda edərək, qırmızı qanları ilə adlarını tariximizə qızıl hərflərlə həkk etdirərək dastanlaşmış vətən oğullarından biri – şəhid leytenant Həsənov Nurlan Nadir oğlunun məcburi köçkünlükdə keçirdiyi uşaqlıq, yeniyetməlik, orta məktəb, tələbəlik, əsgərlik və şanlı döyüş yolu, tarix baxımından qısa olsa da məna baxımından əbədiyaşar ömür yolundan bəhs edilir.
Tədbirdə çıxış edən natiqlər yeniyetmə yazar Sevindik Nəsiboğlunun həyat və fəaliyyətinin öz həmyaşıdları üçün bir örnək olduğunu, nümunəvi işləri ilə daha böyük nailiyyətlər əldə edəcəyinə inandıqlarını bildirdilər.
Tədbirdə tələbə və şagirdlərin ifasında vətənpərvərlik ruhunda müxtəlif kompozisiyalar, şeir və musiqi nümunələri təqdim edildi.
Şəhid Nurlan Həsənovun valideynləri şəhid ailələrinin daim dövlətimizin qayğısını hiss etdiklərini bildirdilər, kitabın işıq üzü görməsində əməyi olan bütün insanlara öz dərin minnətdarıqlarını ifadə etdilər.
Keçidlər