Şriftin ölçüsü :

Saytın rəngi :

Şuşanın işğalından 26 il keçir

08 may 2018 | 16:00

Şuşanın işğalından 26 il keçir

Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən, təkrarsız gözəllik nümunəsi olan, Qarabağın füsunkar diyarı Şuşa şəhərinin əsasını 1750-ci ildə qarabağlı Pənahəli хan Cavanşir qоymuşdur. Şəhər bir müddət Pənah Əli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

Qarabağ silsiləsində dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşada 17 məhəllə, 17 hamam, 17 bulaq, 17 məscid vardı. Şuşa yeganə şəhərdir ki, əsası qoyulandan küçələrinə daş döşənmiş, kürəbəndlər salınmışdır. Şuşa həm də milli-memarlıq abidələrinin ən çox və ən yaxşı qorunub saxlandığı bir məkan idi.

Ümumiyyətlə, Şuşanın bir şəhər kimi formalaşmasını şərti olaraq üç mərhələyə bölmək olar: birinci mərhələ 1763-cü ili əhatə edir. İkinci mərhələ 1763 -1806-cı illərə təsadüf edir, hansı ki, bu illərdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli olmuşdur. On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə isə Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır.

On doqquzuncu əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının “Şəhər əsasnaməsi”nın (1785-ci il) 28-29-cu maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.

Şuşa-Azərbaycan tarixinə, mədəniyyətinə görkəmli şəхsiyyətlər, incəsənət хadimləri, ziyalılar, maarifpərvər insanlar bəхş еtmiş qədim bir diyardır. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa həm də böyük memarların, xəttatların, astronomların, fotoqrafların, xalçaçıların vətənidir.

Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmasında və təşəkkül tapmasında Şuşanın tarixi abidələrinin, coğrafi mövqeyinin böyük rolu

olmuşdur. Qarabağın sənətkarlıq mərkəzi olan Şuşada müxtəlif sənət sahələrinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, mənəvi mədəniyyətin yüksəlişi onun şöhrətini uzaqlara yaymışdı.

50-dən çox sənətin inkişaf etdiyi bu şəhərdə toxucular, papaqçılar, çəkməçilər, dərzilər, dülgərlər çoxluq təşkil edirdi. Şuşa Təbriz, İsfahan, Tehran, İstanbul, Moskva, Nijni-Novqorod və başqa şəhərlərlə ticarət əlaqələrini saxlamışdı. Bu şəhər yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsulları ilə dünya bazarları miqyasına çıxmışdır. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu.

Havasının tərkibi, təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından Şuşa kurort şəhəridir. Şuşanın müxtəlif növ tikinti materialları yataqları və mineral su bulaqları (Turşsu, Şırlan) vardır. Dünyada ən uzun mineral su kəmərinin Şırlan “Turş su”yunun birbaşa şəhərə çəkilməsi Şuşanın kurort şöhrətini daha uzaqlara yaymışdı. Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət guşələrinə görə məşhur idi.

XX əsrdə Şuşanın bir kurort şəhəri kimi inkişafında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı hədsiz olmuşdur. O dövrdə Şuşada görkəmli şəxsiyyətlərin abidələrinin qoyulması, ev-muzeylərinin yaradılması, şəhərin tarix-memarlıq abidələrinin bərpası, şərq musiqi alətləri istehsal edən fabrikin istifadəyə verilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin təşəbbüsü ilə qədim Şuşa şəhəri 1977-ci ildə tarixi-memarlıq qoruğu elan edilmişdir.

Şuşa qalası əsası qoyulduğu gündən bir çox hücumlara sinə gərmiş, qanlı döyüşlərin şahidi olmuşdur. 1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvələrinin ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq

Qarabağın, eləcə də ona aidiyyəti olmayan 7 rayonun ərazisi işğal olunmuşdur. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkünə çevrilmiş, 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş və təxminən 5 min nəfər əsir və itkin düşmüşdür.

Əsrlər boyu mürəkkəb hadisələrin şahidi olmuş, öz gözəlliyi və təbii şəraiti ilə dünya şöhrəti qazanmış Qarabağımızın tacı, qədim və sanlı tarixə malik Şuşa şəhəri 08 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən 3-cü dəfə işğal olunmuşdur. Erməni təcavüzkarlarının hərbi təcavüzü nəticəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda Şuşa şəhərindən 195 nəfər şəhid, 165 nəfər əlil olmuş, 58 nəfər itkin düşmüşdür. Milli Qəhrəmanların sayı 4 nəfərdir.

Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər, yüzlərcə tarix-mədəniyyət abidəsini dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular, çox sayda nadir əlyazma nümunələrini məhv etdilər.

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində Şuşanın 8 muzeyi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 25 orta məktəbi, 25 tibb müəssisəsi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, SSRİ məkanında Ümumittifaq əhəmiyyətli sanatoriya və Uşaq Sağlamlıq Mərkəzi, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, bir sıra mədəniyyət və tarixi abidələri, qədim binaları talan edilmiş, yandırılmış və dağıdılmışdır.

Dahi bəstəkar Üzeyir Hacıbəylinin, müğənni Bülbülun və şairə Natəvanın heykəlləri ermənilər tərəfindən vəhşicəsinə güllələnmişdir. Azərbaycan xalqının qiymətli mədəni sərvətləri olan bu abidələr “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa

Konvensiyasına, “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il Konvensiyasına ziddir.

Keçidlər