Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən Müharibəsi Şəhidləri

Birinci Qarabağ müharibəsi nəticəsində öz torpaqlarının 20 faizini itirən Azərbaycan Respublikası əsasən 1994-cü ildə imzalanmış Bişkek protokolundan sonra Ermənistan Respublikası ilə BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qərarlarının icra olunması üçün müxtəlif beynəlxalq qurumlar çərçivəsində uzunmüddətli diplomatik danışıqlar apardı. Sülh danışıqları prosesi 2018-ci ildə Ermənistanda rəngli inqilab nəticəsində hakimiyyətə gəlmiş Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" kimi populist bəyənatları və Azərbaycanın işğal olunmuş ərazilərinə ardıcıl qanunsuz səfərləri kimi təxribatçı xarakter daşıyan hərəkətləri ilə ciddi ölçüdə sarsıldı.

İşğalçı Ermənistan təxribatçı əməllərini davam etdirdi.Ermənistan tərəfinin səmərəsiz və təhrikedici bəyanatları və hərəkətləri danışıqlar prosesindən tamamilə imtina olaraq qiymətləndirilmişdir. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin köməkçisi- Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaymışdır. Həmin gün Azərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamış və Respublika ərazisində hərbi vəziyyət elan olunmuşdur.
Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı.Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Laçın Dəhlizi Qarabağdakı qondarma qurumla Ermənistanı birləşdirən yeganə böyük (digərləri ilə müqayisədə) magistral yol idi. Magistral yola nəzarət Ermənistandan yanacaq, döyüş sursatı və hərbi möhkəmlətmə ehtiyatlarının qarşısını alacaqdı. Azərbaycan ənənəvi olaraq gün ərzində hərbi karvanların qarşısını almaq üçün artilleriya, minaatan və hətta birbaşa atəş və ya idarə olunan raketlərlə Ermənistan ordusuna zərbələr endirirdi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistanın baş naziri və Rusiyanın Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2895 nəfər hərbi qulluqçusu Şəhid olmuşdur. 19 nəfər hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçunun tibb müəssisələrində müalicəsi davam etdirilir.

                  Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

 

                                                              VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 

      Allahverdiyev Allahverdi Əli oğlu

Şuşa şəhər sakini Allahverdiyev Allahverdi Əli  oğlu 09 iyul 2001-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2007-ci ildə Bakı şəhəri Nizami rayonu 238 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 2018- ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.
2019-cu ildə Mingəçevir şəhərində “N” saylı hərbi hissədə  hərbi xidmətdə olub.
Hərbi xidmətini başa vurmağa 3 ay qalmış müharibəyə yollanıb. 
27.09.2020 –ci ildə Tərtər rayonu Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış və Bakı şəhəri, Xəzər rayonu, “Buzovna qəbirstanlığı”nda dəfn olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Allahverdiyev Allahverdi Əli  oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı, 24 iyun 2021-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Subay idi.

 

Allah rəhmət eləsin!

-------------------------------------------------------------------------------------------------------------------------

      Həsənov Nurlan Nadir oğlu

Həsənov Nurlan Nadir oğlu 19.05.1991-ci ildə Şuşa şəhərində anadan olmuşdur. 3 saylı Şuşa şəhər orta məktəbini bitirmişdir. Gəncə Texnologiya Universitetinin məzunudur.

Gəncə şəhərində “N” saylı hərbi hissədə  hərbi xidmətdə olub. Hərbi qulluqçu idi.
Poladəritmə zavodunda işləyib. 
02.10.2020-ci ildə Füzuli şəhəri uğrunda gedən  döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Bakı şəhəri, Binəqədi rayonu,Biləcəri qəsəbəsi, Şəhidlər Xiyabanında dəfn olunmuşdur

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Həsənov Nurlan Nadir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medalı,  “Xocavəndin azad olunmasına görə” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Ailəli idi.

 

Allah rəhmət eləsin!

------------------------------------------------------------------------------------------------------------------------

       Məmmədov Pərviz Şakir oğlu

Məmmədov Pərviz Şakir oğlu 25 mart 2001-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayon 8 saylı orta məktəbi bitirmişdir.2007-ci ildə Laçın rayonu İsrafil Şahverdiyev adına Ağanus kənd orta məktəbinin 1-ci sinfinə getmiş, 2018-ci ildə Şuşa şəhər 18 nömrəli orta məktəbin 11-ci sinfini bitirmişdir. 2019-cu ildə hərbi xidmətdə olmuşdur.27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan zaman könüllü olaraq döyüşlərə qatılmışdır.29 sentyabr 2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə Qəhrəmancasına şəhid olmuşdur.Bərdə rayonu Dəymədağlı kənd məzarlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Pərviz Şakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.

Orta təhsillidir. Subay idi.
 

Allah rəhmət eləsin!

 

----------------------------------------------------------------------------------------------------------------------

     Əliyev Azər Dilafət oğlu

Əliyev Azər Dilafət oğlu 01 noyabr 1997-ci ildə Ağcabədi rayonunda anadan olmuşdur. 2008 -ci ildə  Ağcabədi  rayonu Alı Mustafayev adına orta məktəbini bitirmişdir. Orta təhsillidir. Öz  vətənpərliyi  ilə daim yaşıdları arasında seçilən Azər  hələ məktəb illərindən hərbi yarışlarda xüsusi fəallıq göstərmişdir.Vətən müharibəsinin ilk günlərindən qəhrəmanlıq göstərən Azər 28.11.2020 –ci ildə Xocavənd rayonu  uğrunda  gedən  döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Azər Dilafət oğlu ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalı, “Zəfər ordeni” ilə təltif edilmişdir.
Ağcabədi rayonu, Yuxarı Qiyamədinli qəbiristanlığında dəfn edilmişdir.
Ailəli idi, iki övladı var.

 

Allah rəhmət eləsin!

-------------------------------------------------------------------------------------------------------------------------

      Ələkbərli Samir Şamil oğlu

Ələkbərli Samir Şamil oğlu 02 iyul 2002-ci ildə Bərdə rayonunda anadan olmuşdur. Bərdə rayonu 8 saylı orta məktəbi bitirmişdir. Bərdə Texniki Kollecin məzunudur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və  qarşısında qoyulmuş tapşırıqların icrasını şərəflə yerinə yetirən Samir  öz şücaəti ilə qısa zaman ərzində  döyüş yoldaşlarının sevgisini qazanmışdır.

10.10.2020 -ci ildə Füzuli rayonu, Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Məmmədov Pərviz Şakir oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Füzulinin azad olunmasına görə” medalı, “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Bərdə rayonu, “Şəhidlər Xiyabanı”nda dəfn edilmişdir.
Subay idi.

 

Allah rəhmət eləsin!

-----------------------------------------------------------------------------------------------------------------------

      Hüseynov Əzəmi Əli oğlu

Hüseynov Əzəmi Əli oğlu  29 avqust 1992-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1999-cu ildə Mingəçevir şəhərində R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2010-cu ildə həmin məktəbi bitirmişdir.

2010-cu ildə Mingəçevir Dövlət Universitetinin “Energetika” fakültəsinə qəbul olub, 2014-cü ildə bitirmişdir.
2014-cü ildə  Hacıqabulda Daxili Qoşunlarda hərbi xidmətdə olmuşdur. 2015-ci ildə hərbi xidmətini layiqli şəkildə yerinə yetirmiş, daha sonra 2016-cı ilin may ayında Zaqatala Xüsusi Təyinatlıda hərbi xidmətinə davam etmişdir. 3 illik layiqli xidmətini Sanitar-təlimatçı və Baş çavuş kimi başa vurmuşdur.Tovuz döyüşlərində igidlik nümayiş etdirən  
Hüseynov Əzəmi Əli oğlu sentyabrın 27-dən Vətən müharibədə iştirak etmiş və oktyabrın 8-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Hüseynov Əzəmi Əli oğlu ölümündən sonra “Vətən uğrunda”,"Suqovuşan uğrunda," "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur. “Mingəçevir şəhər qəbirstanlığı”nda dəfn olunmuşdur.

Ailəli idi.
 

Allah rəhmət eləsin!

---------------------------------------------------------------------------------------------------------------------

       Tağızadə Dünyamin Ramin oğlu

Tağızadə Dünyamin Ramin oğlu 21.01.2001-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. Beyləqan rayonu 6 saylı tam orta məktəbin 9 –cu sinfinə qədər təhsil almış, sonra Füzuli rayonu 22 saylı tam orta məktəbdə orta təhsilini davam etdirmişdir.

Orta təhsilini başa vurduqdan sonra Göyçay Rayon Kollecinə daxil olmuşdur.4 ay kollecdə təhsil aldıqdan sonra  həqiqi hərbi xidmətə çağrılmışdır.
05.07.2020-ci ildə təxris olunan igidimiz  mənfur düşmənin Tovuz istiqamətindəki təxribatlarının qarşısının alınmasında  fəal iştirak etdiyinə görə Hərbi Hissədə Fəxri Fərmanla  təltif olunmuşdur.
27.09.2020 –ci ildə başlayan Vətən müharibəsində  iştirak edən igid Dünyamin 01.10 2020 –ci ildə şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Tağızadə Dünyamin Ramin oğlu  ölümündən sonra “Vətən uğrunda” , “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”  medalları ilə təltif olunmuşdur.

Beyləqan rayonu, “Peyğəmbəri” qəbirstanlığında dəfn olunmuşdur.
Ailəli idi.

 

Allah rəhmət eləsin!


                                                                                                                                          

      Aslanov Bəxtiyar İlqar oğlu

Aslanov Bəxtiyar İlqar oğlu 1998 –ci il dekabrın  28 –də Naftalan  şəhərində anandan olmuşdur.
2005 –ci ildə Səməd Vurğun adına 2 saylı tam orta məktəbdə orta təhsilinə başlamış, 2016 –cı ildə məktəbi bitirdikdən sonra Gürcüstan Açıq Tədris Universitetinin İqtisadiyyat və Beynəlxalq əlaqələr fakultəsinə qəbul olmuşdur.
2018 –ci ildə təhsilini yarıda qoyaraq Daşkəsən N saylı hərbi hissəsinə hərbi xidmətə yollanmışdır.
İdmanın müxtəlif növləri ilə həvəskar kimi məşğul olurdu, xüsusilə futbol oynamağı sevirdi.
Vətən müharibəsi zamanı 
  Kəlbəcər rayonu, Murovdağ istiqamətində gedən döyüşlərdə əsil qəhrəmanlıq göstərmiş, silahında olan mərmilər bitdikdən sonra düşmənlə əlbəayaxa döyüşdə bir neçə düşməni məhv etmiş,qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Aslanov Bəxtiyar İlqar oğlu ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcər uğrunda”, “Göstərdiyi şücaətə görə” medalları ilə təltif olunmuşdur.

13.02.2021 –ci ildə Goranboy rayonu, Balakürd kəndində “Şəhidlər xiyabanı”nda dəfn edilmişdir.

Ailəli idi.
 

Allah rəhmət eləsin!

------------------------------------------------------------------------------------------------------------------

 

         İbrahimov İsrafil Zülfüqar oğlu             

İbrahimov İsrafil Zülfüqar oğlu  16 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhəri Nərimanov rayonu, 202 saylı orta məktəbdə 9-cu sinifə qədər təhsil almış, 10 və 11- ci sinifləri Ağdam rayonu, Bənövşələr kəndində orta məktəbdə davam etdirmişdir. Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Lənkəran Sərhəd Qoşunlarında xidmət etmişdir.

2018-2020-ci illərdə Bakı şəhərində N saylı hərbi hissədə Sülhməramlıların tərkibində kiçik çavuş rütbəsi ilə müddətdən artıq xidmət edib. Vətən müharibəsində könüllü kimi iştirak edib. Döyüşlərdə böyük igidlik göstərib. 27.10.2020- cu ildə Laçın rayonu, Səfiyan kəndi  uğrunda gedən  döyüşlərdə rəşadət göstərərək  şəhidlik zirvəsinə  ucalmışdır.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə İbrahimov İsrafil Zülfüqar oğlu ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəbrayılın azad olunmasına görə” medal, “Qubadlının azad olunmasına görə” medal, “Laçının azad olunmasına görə” medal, “Cəbrayılın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə 3-cü dərəcəli” orden ilə təltif edilmişdir.
Ağdam rayonu, Quzanlı qəsəbəsində “Şəhidlər xiyabanı”nda dəfn edilmişdir.
Subay idi.

 

Allah rəhmət eləsin!

 

-----------------------------------------------------------------------------------------------------------                  

 

 

                                                                

 

 

 

     

Keçidlər