Rayon haqqında
Tarixi
8 may 1992 –ci ildən işğal altında olan Şuşa şəhəri 8 noyabr 2020 –ci ildə Ali Baş Komandan İlham Əliyevin və qəhrəman azərbaycan xalqının qətiyyəti sayəsində müzəffər ordumuz tərəfindən erməni vandallarının işğalından azad edildi. Şəhərin əsasının qoyulması Qarabağ xanlığının banisi Pənahəli xanın adı ilə bağlıdır. 1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Cənubi Qafqazda yaranmış siyasi pərakəndəlik Pənahəli xanı öz təhlükəsizliyini təmin etmək məqsədilə güclü müdafiə imkanları olan qala tikdirməyə məcbur edirdi. O, bu məqsədlə 1748-ci ildə Bayat qalasını, 1752-ci ildə isə Şahbulaq qalasını tikdirdi. Lakin bu qalalardan heç biri fasiləsiz davam edən ara müharibələri şəraitində xanlığın təhlükəsizliyini təmin etmək iqtidarında deyildi. Pənahəli xan daha etibarlı, düşmən hücumu üçün əlçatmaz olan yeni bir qala tikdirməyi qərara aldı: “Biz gərək dağların içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin”. Dəniz səviyyəsindən 1300-1600 m. hündürlükdə yerləşən və üç tərəfdən sıldırım qayalarla əhatə olunan dağ yaylası bu tələblərə tam cavab verirdi. Seçilmiş ərazinin çox əlverişli hərbi–strateji mövqeyə malik olduğunu başa düşən Pənahəli xan 1754-cü ildə yeni qalanın tikintisinə başlamaq haqqında əmr verdi. 1750-cı ildə təhlükəsiz yaşamaq üçün zəruri işlər başa çatdırıldıqdan sonra Qarabağ xanlığının paytaxtı buraya köçürüldü. Yeni qala ilk illərdə öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Azərbaycanın ən gözəl guşələrindən olan Qarabağı, o cümlədən Şuşanı işğal etmiş ermənilər öz qəsbkarlıq siyasətini tarixi faktları saxtalaşdırmaqla pərdələməyə çalışır, Şuşanı “erməni mədəniyyətinin beşiyi” kimi qələmə verməyə cəhd göstərirlər. Tarixi faktlar isə erməni “mütəxəssislərin” tam yalan danışdıqlarını göstərir. Buna əmin olmaq üçün şəhərin yaranma və inkişaf tarixini özündə əks etdirən məhəllə və küçə adlarına, eləcə də əhalisinin milli tərkibinə nəzər salmaq kifayətdir.
Mövcud materialların təhlili göstərir ki, Şuşanın bir şəhər kimi formalaşması üç mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi olan “Təbrizli” məhəlləsi salınmışdı. Qarabağ xanlığının ləğv edilməsinə qədər bu adla tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dörd çinar və Çöl qala. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq bu məhəllənin ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.
Yeni yarandığı dövrdə Şuşa cəmisi 162 ailənin yaşadığı kiçik bir yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədinin məlumatından aydın olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu –XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı. Əgər hər ailənin, orta hesabla, 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi. XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlər dövründə erməni kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhali də var idi. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər təşkil edirdi. Lakin “Qarabağ əyalətinin təsviri” adlı sənədin məlumatları əsasında apardığımız hesablamalardan məlum olur ki, bu əhali Şuşada yaşayan bütün əhalinin cəmisi 27 % -ni təşkil edirdi.
XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian ailələri təşkil edirdi. Göründüyü kimi, XIX əsrin əvvəllərinə qədər Qarabağda, o cümlədən Şuşada yaşayan əhalinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Bölgədə alban mənşəli xristian əhalinin erməniləşmə prosesinin başa çatması və ermənilərin sayının sürətlə artması Rusiyanın 1828-ci ildə İranla imzaladığı Türkmənçay və 1829-cu ildə Osmanlı Türkiyəsi ilə imzaladığı Ədirnə müqavilələrindən sonra baş verdi. Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası burada öz mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, əsasən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə Rusiya təkcə
1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü [13, s. 47]. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra dönməz xarakter almış və getdikcə güclənmişdi. Məhz bu kütləvi köçürmələrin nəticəsi idi ki, Türkmənçay müqaviləsindən keçən 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı, təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N. Şavrov yazırdı ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyonu gəlmədir. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840 – cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi. Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik Şuşada da əhalinin sayının artmasına gətirib çıxardı. XIX əsrin 70-ci illərindən başlayaraq fabrik-zavod istehsalının yaranması ilə əlaqədar işçi qüvvəsinə tələbatın artması da şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı.
Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə qədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca surətlə artmasına gətirib çıxartdı. Təkcə onu göstərmək kifayətdir ki, Şuşada əhalinin ümumi sayı 1897-ci ildə 25.881 nəfərdən artıraraq 1913-cü ildə 42.568 nəfərə çatdığı halda, azərbaycanlıların sayı (10 min nəfər) faktiki olaraq dəyişməz qalmışdı. XIX əsrin sonu - XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Belə ki, burada 1870-ci ildən 1917-ci ilə qədər baş vermiş 23.924 nəfər əhali artımının 9.400 nəfəri təbii artımın payına düşdüyü halda, 14.524 nəfəri mexaniki artımın, daha doğrusu, köçkün ermənilərin payına düşmüşdü. Çar hökumətinin himayədarlığı ilə Şuşada say üstünlüyünə nail olan ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da təpədən dırnağa qədər silahlanmış ermənilər azərbaycanlılar üzərinə hücuma keçdilər. Onlar Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli azərbaycanlı əhalisinə qarşı daha böyük vəhşiliklər törətdilər. Bu dəfə onlara ruslar da köməklik göstərirdilər. M.S. Ordubadi yazır ki, 1906-cı il iyun ayının 12-də “bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən
ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində erməni [məhəllələrinin] sərhədində olan bütün müsəlman evləri yandırılıb top zərbələri ilə dağıldı” 1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı, sözün əsl mənasında, soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox bəyləri əhalinin gözü qarşısında güllələnmişdi. Azərbaycanlı ailələrin xeyli hissəsi erməni təqiblərindən xilas olmağın yeganə yolunu Şuşanı tərk edərək İrana və Türkiyəyə qaçmaqda görürdülər. Həyata keçirilən bu repressiyalar şəhərdə azərbaycanlıların sayının daha da azalmasına səbəb olmuşdu.
Sovet hakimiyyəti dövründə Şuşa şəhərinin inzibati statusu bir neçə dəfə dəyişikliyə məruz qaldı. PK(b)P MK Qafqaz bürosu plenumunun 1921-ci il 5 iyul tarixli qərarı ilə Şuşa yeni yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi kimi müəyyənləşdirildi. Lakin bu qərar 1923-cü il iyulun 7-də həyata keçirilərkən Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi Şuşa yox, Xankəndi seçildi. Görünür, ermənilər Azərbaycana qarşı hazırladıqları məkrli palanları Şuşadan həyata keçirməyin heç də asan olmayacağını başa düşüb bu addımı atmışdılar. Şuşa şəhəri isə AK(b)P MK Riyasət heyətinin 1923-cü il 16 iyul tarixli iclasının xüsusi qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil edildi. Şəhər eyni adlı rayonun və 12 kənddən ibarət Malıbəyli volostunun mərkəzinə çevrildi. Bununla da Şuşa 170 ildən artıq yerinə yetirdiyi statusdan – bütün Qarabağın mərkəzi statusundan məhrum edildi. İnzibati mərkəz statusundan məhrum edilməsi Şuşanın sonrakı həyatına ciddi təsir göstərdi. Respublika və vilayət rəhbərliyinin laqeyd münasibəti nəticəsində şəhər özünün əvvəlki görkəmini və şöhrətini itirməyə başladı. Uzun müddət burada nəinki heç bir tikinti-abadlıq işləri görülmədi, əksinə, tarixi-memarlıq abidələrinin bəziləri vəhşicəsinə dağıdıldı.İbrahimxəlil xanın “Xəzinə qayasın”da inşa etdirdiyi saray, hərəmxana, tövlə, hamam və qoşun sığınacaqlarından ibarət kompleksin dəmirləri, çərçivələri II Dünya müharibəsi illərində çıxarılıb aparılmış, binalar isə tədricən dağılaraq yararsız hala salınmışdı. Şuşanın tarixi-memarlıq abidələrinin dağıdılması sonrakı illərdə də davam etdirilmişdi. Şuşa şəhərinə vurulmuş ən böyük zərbələrdən biri onun, qısa müddətə də olsa, rayon mərkəzi statusundan məhrum edilməsi oldu. XX əsrin 60-cı illərinin əvvəllərində Sovet dövlətinin başçısı N. S. Xruşşovun təşəbbüsü ilə rayonların iriləşdirilməsi siyasətinin həyata keçirilməsindən DQMV-nin erməni rəhbərliyi Şuşaya qarşı istifadə etdi. 1963-cü il yanvarın 4-də Şuşa rayonu ləğv edilərək Stepanakert rayonunun tərkibinə qatıldı. Yalnız N. S. Xruşşovun hakimiyyətdən uzaqlaşdırılmasından sonra 1965-ci il yanvarın 6-da Şuşanın rayon statusu yenidən bərpa edildi.
Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə bəslənilən ögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada, təxminən 50 il ərzində, əhalinin sayı 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı cəmisi 13.664 nəfər təşkil etmişdi. Sovet hakimiyyəti dövründə Şuşada yaşayan əhalinin milli tərkibi də ciddi dəyişikliyə məruz qaldı. Şuşanın Qarabağın mərkəzi statusundan məhrum edilməsi, uzun illər ərzində şəhərə bəslənilən ögey münasibət ona gətirib çıxardı ki, çar hökumətinin köçürmə siyasəti dövründə burada yerləşdirilmiş ermənilər tədricən onu tərk etdilər.
1970-ci ildə şəhərdə yaşayan 13.664 nəfər əhalinin yalnız 3577 nəfərini ermənilər təşkil edirdi. Sonrakı illərdə bu tendensiya daha da güclənmişdi. 1989-cu ildə Şuşada yaşayan 20.579 nəfər əhalinin cəmisi 1.377 nəfəri ermənilərdən ibarət idi. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə H.Əliyevin Azərbaycana rəhbər təyin edilməsindən sonra mümkün oldu. Respublikanın yeni rəhbəri ilk növbədə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər gördü. 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti onun təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etdi. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görüldü. Bütün Azərbaycanda tar, kamança, ud, nağara və s. musiqi alətləri istehsal edən yeganə Şərq Milli musiqi alətləri fabriki istifadəyə verildi. H. Əliyevin təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Ü.Hacıbəyovun, Bülbülün, X.Natəvanın, M.M.Nəvvabın ev muzeyləri təşkil olundu. 1982-ci ilin yanvarında M.P.Vaqifin məqbərəsi açıldı. Hündürlüyü 20 m olan bu gözəl incəsənət əsəri incə və naxışlı şəbəkə ilə bəzədilmiş, ona qırmızıya çalan yerli mərmərdən üz çəkilmişdi. Lakin Şuşada başlanmış bu dinc quruculuq işləri uzun çəkmədi. 8 may 1992-ci ildə şəhər erməni vandalları tərəfindən işğal edilərkən amansız şəkildə dağıdıldı. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuz 2020-ci il noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etdi.2020-ci il noyabrın 8-i tariximizə ən şanlı bir gün kimi yazıldı. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə və taleyinə ciddi təsir göstərdi. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir
Azərbaycan hökuməti işğaldan azad olunmuş bütün ərazilər üçün yeni böyük baş plan tərtib edəcək. Bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları tikiləcək. Bütün infrastruktur yenidən yaradılacaq. Küçələr, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və doğma torpaqlarimiza həyat qayıdacaq.